Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti görüşü avqustun 1-də Moskvada keçiriləcək. APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil olunub. O, həmsədrlərlə geniş formatda və nazirlərin ayrıca görüşünün nəzərdə tutulduğunu söyləyib. Erməni nazir görüşdə “Madrid təklifləri”nə dair müzakirələr aparılacağını diqqətə çatdırıb.
E. Nalbandyan ölkəsinin bu təkliflər əsasında başlanmış proses üzrə danışıqları davam etdirməyə hazır olduğunu vurğulayıb: “Bu yol münaqişənin həllinə kömək edəcək”.



