Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanları ilə bağlı Əfv Komissiyasına müraciət göndərmişdir. Müraciətdə deyilir: Cəmiyyətdə Qarabağ partizanları adı ilə tanınan bir qrup gəncin həbsinin 5 ili tamam olur. Bu müddət ərzində onların bəziləri əfvə düşərək, digərləri isə cəza müddətlərini bitirərək azadlığa çıxmışlar. Bu günlərdə onlardan 3 nəfər də beş illik həbs cəzasını başa vuraraq azadlığa çıxmışlar. Təəssüf ki, Qarabağ partizanlarının xeyli hissəsi, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş Məmməd Məmmədov, 14 il müddətinə azadlıqdan məhrum edilmiş Əlirza Babayev, 9 ildən 6 ilə qədər iş almış Rövşən Bədəlov, Xızır Marqaşvili, Məhəmməd Məmmədov, Müşfiq Qurbanov, Ədalət Ağayev hələ də həbsdədirlər. Prezidentin fərmanı ilə 2006-cı ildə əfv olunmuş Rüstəm Əsgərov isə yenidən həbs edilmişdir.
Bu gənclərin hər biri yalnız vətənpərvərlik hissindən irəli gələn bəzi qanuna zidd hərəkətlər etmiş, silah əldə etməyə, dəstə yaratmağa cəhd göstərmişlər. Silah əldə edərək dəstə yaratmaq cəhdində onların yalnız bir məqsədi-erməni işğalçılarına qarşı partizan müharibəsini başlamaq olmuşdur. Onlar dəstəni formalaşdırıb başa çatdıra bilməmiş, silahla heç bir cinayət hərəkəti törətməmişlər və həbs olunmuşlar. Biz onların hərəkətlərində müəyyən cinayət tərkibinin olduğunu etiraf edirik. Lakin hüquq müdafiəçilərinin də dəfələrlə bildirdiyi kimi onlara hərəkətlərinə uyğun olmayan və xeyli dərəcədə ağır cəzalar verilmişdir. Bütün bunlarla yanaşı onlar artıq beş ildən çoxdur ki, həbsdədirlər, cəzalarının xeyli hissəsini çəkmişlər. Xahiş edirik ki, bunu nəzərə alasınız. Həmçinin onların ailə vəziyyətlərini nəzərə almağınızı xahiş edirik:
Ömürlük həbs cəzası almış Məmməd Məmmədov çox cavandır, həbs olunanda cəmi 20 yaşı var idi, atası yoxdur, anası xəstədir. Əlirza Babayevin kiçik yaşlı övladı var, ailəsi başsız qalmışdır. Rövşən Bədəlovun atası yoxdur, anası şikəstdir, erməni bombardmanı zamanı gözləri şikəst olmuşdur. Müşfiq Qurbanovun 3 azyaşlı övladı var, bir qardaşı Qarabağ müharibəsində şəhid olmuş, digər qardaşı düşmən gülləsi ilə şikəst edilmişdir, atası bu günlərdə vəfat etmişdir, anası ağır xəstədir. Ədalət Ağayevin azyaşlı övladı vardır, anası ağır xəstədir. Xızır Marqaşvili və Məhəmməd Məmmədovun da ailə vəziyyətləri ağırdır, valideynləri xəstədirlər.
Xahiş edirik ki, bütün bu halları nəzərə alaraq humanistlik göstərəsiniz, onların azadlığa çıxması, yaxud cəzalarının yüngülləşdirilməsi üçün qərar çıxarasınız.
Qarabağ Azadlıq Təşkilatı
Mətbuat Xidməti
15 avqust 2008


