Rus-gürcü müharibəsinin ilkin yekunları və Qarabağ
Cənubi Qafqazdakı münaqişə ocaqlarının-qondarma Dağlıq Qarabağ, Abxaziya və Osetiya məsələlərinin Rusiya tərəfindən yaradıldığı heç kəsdə şübhə doğurmurdu. Əksəriyyətin fikrinə görə, Rusiya bu münaqişələr vasitəsi ilə region ölkələrini özünün təsir dairəsində saxlamaq məqsədi güdürüdü. Heç kəs ağlına da gətirmirdi ki, şimal ayısı bu münaqişə ocaqlarından regionu yenidən işğal altına almaq üçün istifadə etmək fikrinə düşə bilər. Rusiyanın iyirmi birinci əsrdə on səkkizinci-on doqquzuncu əsrlərə xas işğal addımını atacağı inandırıcı görünmürdü. Hətta XX əsrin əvvələrində də Rusiya bu cür açıq-aşkar işğal aktına əl atmamış, öz iddialarını “sosialist inqilabı” pərdəsi altında reallaşdırmışdı. Görünür ki, Rusiyada hakimiyyətə yenidən bir neçə əsr əvvəlki təfəkkürlə yaşayan adamlar gəlmişlər. Rus təfəkkürünün və düşüncə tərzinin dəyişdirlməsi çətin məsələ imiş. Rus təfəkkürü sivil dəyərlərə uyğun gəlmir. A.Soljenitsının da zəhmətləri hədər getdi, bu hadisələrin onun ölümündən sonra başlaması da yəqin ki, bir əlamətdir.
Baş vermiş hadisələrə Qərb dünyasının, beynəlxalq təşkilatların vecsiz reaksiyası rus işğalının özündən də çox təəccüb doğurdu. Bu reaksiyanın iki izahı ola bilər. Ya Qərb Rusiyadan çəkinir, açıq qarşıdurmaya getmək istəmir. Ya da XX əsrin əvvəllərində olduğu kimi, Qərb regionu Rusiyaya güzəştə gedir və bunun müqabilində digər bölgələrdə hansısa dividendlər əldə etməyə çalışır. Hər iki variant o qədər də inandırıcı görünmür, sadəcə hadisələrin gedişi bu versiyaları irəli sürməyə məcbur edir. Başqa bir variant ondan ibarət ola bilər ki, Qərb Rusyanı daha çox bataqlığın dərinliyinə sürükləyir ki, daha çox axmaqlıqlar, daha çox vəhşiliklər törətsin. Ona görə də bu hadisələr Rusiyanın sonunu yaxınlaşdıran prosesə çevrilə bilər.
Əlbəttə, Rusiyanın bu hərəkətləri məntiqə sığmır və normal düşüncə ilə izah oluna bilməz. Bu hərəkətlər əldən çıxmaqda olan regionun geri qaytarılmasına son cəhd, aqoniya vəziyyətində olan imperiyanın emosional və qəzəbli addımları kimi dəyərləndirilə bilər. Rusiya son illərin Əfqanıstan, İraq, Balkanlar və xüsusi ilə də Kosovo məğlubiyyətlərinin əvəzini çıxmağa çalışır. Bu, bir qədər başa düşüləndir, amma bu cür vəhşi metodlarla yox. Qərb Rusiyanı qıcıqlandırmışdı, ona görə də müəyyən kəskin reaksiyalar gözlənilən idi. Vaxtilə O.Bismark deyirdi ki, Rusiya ilə zarafat etməyin, çünki heç kəsin gözləmədiyi dəhşətli bir axmaqlıqla cavab verə bilər. İndi Rusiya dəhşətli bir axmaqlığa gedərək, tarixin təkərini geriyə çevirməyə çalışır. Rusiya Gürcüstanın yarısını işğal edib, hamısını da işğal edə bilər, amma əlində saxlaya bilməyəcəkdir. Bu işğalçı dövlət körpüləri partlatmaqla, neft qaz kəmərlərini təhdid etməklə, dinc sakinləri öz evlərindən qovub çıxartmaqla yalnız öz gücsüzlüyünü nümayiş etdirir. Bunların hamısı tezliklə bərpa olunacaqdır. Hansısa dövləti silah gücünə işğal altında saxlamaq mümkün deyil. Buna Rusiyanın gücü və imkanları çatmaz. ABŞ kimi super dövlət də İraqı silah gücünə öz nəzarətində saxlaya bilmir və hər gün bu silahlı müdaxilənin acılarını yaşayır, girəndə asan girmişdi, ancaq oradan çıxmağın yolunu tapa bilmir. Rusiya da Gürcüstandan çıxacaq, Qafqazdan da çıxacaq, bu dönməz bir prosesdir.
Rusiya Gürcüstana hücum etməklə müvəqqəti və ötəri nəticələrə nail oldu. Çox şeyi isə itirdi. Region xalqlarının etimadını itirdi, ətraf ölkələrin hamısı artıq yenə də Rusiyaya təhlükə mənbəyi kimi baxır. Rusiya rəsmilərinin özlərinin də etiraf etdiyinə görə, hətta ən yaxın müttəffiqləri də, Belarus da, Ermənistan da bu işğal aktını təqdir etmədi, adicə mənəvi dəstək də vermədilər. Belarusun prezidenti yalnız bu günlərdə Cənubi Osetiyadan uşaqları müalicə üçün qəbul etməyə hazır olduğunu bildirdi. Putin yalnız bu “dəstəklə” kifayətləndiyinə görə Lukaşenkonun üzünə gileyini bildirməkdən də özünü saxlaya bilmədi. Rusiya beynəlxalq imicinə də ağır zərbə vurdu. Şimal ayısının da mədəni dəyərlərə uyğunlaşacağına az qala inanmış dünya birliyi yanıldığını başa düşdü. Rusiyanın bundan sonra dünyanın gözündə bəraət qazanacağı çox çətin görünür. Rusiya ciddi iqtisadi itgilərlə üzləşəcəkdir. Rusiya bu axmaqlıqla özünün məhvini sürətləndirdi.
Gürcüstan özünün dövlətçilik tarixində ən qətiyyətli addımlarından birini atdı. Sübut etdi ki, bir dövlət kimi öz ərazi bütövlüyünü çox asanlıqla bərpa edə bilər. Aydın oldu ki, osetinlərin və abxazların ötkəm bəyanatlarının heç bir mənası yox imiş. Gürcü qoşunları qısa vaxt ərzində, özü də, demək olar ki, itgisiz Sxinvaliyə girməklə bunu sübut etdi. Sxinvalidə əsas itgilər rus qoşunlarının şəhəri yenidən zəbt etməsi gedişində baş vermişdir. Gürcüstan bütün dünyaya abxaz və osetin problemlərinin daxili məsələ olmadığını, onların adı ilə pərdələnən Rusiyanın işğal faktını həyata keçirdiyini nümayiş etdirdi. Gürcüstan Rusiya tərəfindən yaradılmış münaqişələrin həqiqi mahiyyətini açıb göstərdi, bu münaqişələrin donunu açdı. Əslində, Rusiya bu məsələləri dondurmaqla öz planını həyata keçirməyə, bu əraziləri dondurulmuş vəziyyətdə, haya-küyə salmadan sakitcə udub həzm etməyə çalışırdı. Həmin ərazilərin vətəndaşlarına rus pasportlarının verilməsi, iqtisadi əlaqələrin gücləndirilməsi, rus rublunun əsas dövriyyə vasitəsinə çevrilməsi və sair məsələlər bu məqsədə xidmət edirdi. Bu prosesin dayandırılması üçün Gürcüstan hərəkətə keçməli idi. Gürcüstan həm də ona nail oldu ki, gürcü-rus qarşıdurmasını bütün çılpaqlığı ilə açıb göstərdi və dərhal da bu qarşıdurmanı Rusiya-Qərb müstəvisinə keçirdi. Tiflisə doğru irəliləyən rus tankları gürcülərə deyil, Qərbə, Natoya, birinci növbədə ABŞ-a meydan oxuyurdu. Rusiya əlcəyi onların üzünə çırpdı, indi söz, daha doğrusu, hərəkət etmək növbəsi onlarındı...
Ən çox uduzan isə osetinlər oldu. Ruslarla gürcülərin apardığı müharibədə ölən, evləri dağılan, didərgin düşən osetinlər oldu. Rusiya tərəfinin verdiyi rəsmi məlumatlara görə, 1600 nəfərdən çox dinc osetin, 75 rus hərbiçisi həlak olmuşdur. Gürcülərin də itgisi ruslarınkından çox deyil. Bu vəziyyətdə ruslarla gürcülər bir-birlərini osetinləri “genosid” etməkdə günahlandırır, qarşılıqlı ittihamlar səsləndirirlər. Osetinlər üçün isə yəqin ki, kimin tərəfindən “genosid” olunmağın elə bir fərqi olmaz. Ümumiyyətlə, osetinləri başa düşmək çətindir: Gürcüstanın tərkibindən çıxıb Rusiyanın tərkibinə keçmək istəyirlər. Onların bu keçidlə nəyi udmaq istədikləri aydın deyil. Bu qədər əzab-əziyyətlə Rusiyanın tərkibinə keçməkdənsə, elə Gürcüstanın tərkibində qalmaq yaxşı deyilmi?! Abxazlarla erməniləri bəlkə də başa düşmək olar, heç olmasa müstəqillik istəyir və sadəlövhcəsinə bu istəklərinin reallaşacağına inanırlar. Abxazların bədbəxtçiliyi ondadır ki, müstəqil dövlət yaradacaqlarına inanırlar. Başa düşmürlər ki, balaca bir abxaz dövlətinin mövcudluğu Rusiyanın planlarına daxil deyil. Olsaydı, elə Qafqazın digər balaca xalqlarına müstəqillik verərdi. Dağlıq Qarabağdakı ermənilər də başa düşməlidirlər ki, Rusiya və Ermənistan onların “müstəqil dövlətçiliy”inə dözməyi heç ağıllarına da gətirmirlər. Azərbaycan Allahından dönüb onlara müstəqillik versə, səhərisi gün “könüllü” şəkildə ya Rusiyanın, ya da Ermənistanın tərkibinə daxil olacaq, orada başıqapazlı təbəqələrdən birinə çevriləcək, Ermənistan ermənilərinin gülünc və lətifə obyektinə dönəcək, ya da Rusiyada “litsa kavkazskoy natsionalnosti” statusu alacaqlar. Dağlıq Qarabağ erməniləri onu da bilməlidirlər ki, Azərbaycan gec-tez müharibəyə başlayacaqdır, müharibənin nəticəsindən, kimin qalib gəlib-gəlməyəcəyindən asılı olmayaraq ölən və qırılan, ev-eşiyi dağılan onlar olacaqlar. Ondan sonra Ermənistan ermənilərinin dünyaya car çəkəcəkləri “genosid” harayı onların ölülərini diriltməyəcək, yaralarına məlhəm olmayacaqdır. Bu kiçik xalqlar rusların əlində xırda pul, alət olduqlarını nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır, əlbəttə, hər şeydən əvvəl, onların özü üçün yaxşı olardı.
Azərbaycan dövləti və cəmiyyəti rus-gürcü müharibəsinin ilkin yekunlarını nəzərə almaqla “Qarabağ konsepsiyası”nda bəzi düzəlişlər etməlidir. Birincisi, məsələnin danışıqlar yolu ilə nizama salınacağına olan ümidlər birdəfəlik kənara qoyulmalı, xüsusilə də Rusiyanın vasitəçilik missiyasından imtinanın yolu tapılmalıdır. Rusiya, ABŞ və Fransa danışıqlarda vasitəçi deyil, tərəfdirlər. Onların daban-dabana zidd olan fərqli mövqe və maraqları mövcuddur. Gürcüstanla bağlı razılığa gələ bilməyən bu tərəflərin Qarabağa dair vahid mövqe sərgiləyəcəyi qeyri-realdır. İkincisi, beynəlxalq təşkilatların Azərbaycanın haqq işinə hər hansı formada dəstək verəcəyinə ümid qalmamışdır. Beynəlxalq təşkilatların fəaliyyəti bəyanatlarla məhdudlaşır. Bu qurumlar yalnız baş vermiş faktla hesablaşırlar. Biz dünya birliyini baş vermiş fakt qarşısında qoymağın yolunu tapmalıyıq. Üçüncüsü, cəmiyyətlərarası dialoqun təşkili ilə münaqişələrin həlli cəhdləri iflasa uğramışdır. Heç bir münaqişənin, o cümlədən Dağlıq Qarabağ məsələsinin həllində cəmiyyətlərarası dialoqun, “xalq diplomatiyası”nın heç bir rolu yoxdur. Qarabağ ermənisini dilə tutan azərbaycanlı “xalq diplomatı” bilməlidir ki, o erməninin “hə, Azərbaycan yaxşıdır”,- deməsi heç nəyi həll etmir, böyük güclərin fikri əsasdır. Dördüncüsü, Azərbaycan müharibəyə başlamalı və istənilən varianta, hətta uzunmüddətli savaş variantına hazır olmalıdır. Rusiyaya qarşı uğur qazanmaq üçün Azərbaycan və Gürcüstanın eyni vaxtda müharibəyə başlaması vacibdir. Bu müharibə təkcə bizim üçün deyil, bizdən daha çox Rusiya üçün ciddi çətinliklər vəd edir. Rusiya digər çətinliklərlə yanaşı, öz daxilində və xaricdə olan islam amilini də nəzərə almaq zorundadır.
Azərbaycan seçim qarçısındadır. Firavan həyat davam edir, getdikcə daha gözəlləşir və bu gözəl həyatın fonunda tədricən Qarabağdan imtina edirik. Digər halda, müharibənin gətirəcəyi bütün çətinlikləri, dağıntıları qəbul edərək Qarabağı qazanırıq və qazanandan sonra daha firavan, gözəl, ən əsası isə şərəfli həyat yolunu başlayırıq. Seçimimizi etməliyik.


